Kompüterin əsas xarakteristikası

Kompüterin əsas xarakteristikası

Kompüterlərin ilbəil gücləndiyini və onların məhsuldarlığının (hesablama gücünün) yüksəldiyini, yəqin ki, bilirsiniz. Bu yüksəliş, ilk növbədə, kompüter sistemini təşkil edən əsas qurğuların göstəricilərindən asılı olur. Bu qurğuların məhsuldarlığı yüksəldikcə kompüterin ümumi məhsuldarlığı da artır.

Kompüterin başlıca hissəsi mәrkәzi prosessor və ya, sadəcə, prosessordur və onun sürəti kompüterin məhsuldarlığına təsir edən əsas amildir. Tarixən prosessorun sürəti olaraq bir saniyәdә yerinә yetirilәn әmәliyyatların sayı götürülüb. Belə qiymətləndirmə müxtəlif əməliyyatların icrası üçün təxminən eyni zaman tələb olunması, kompüterin isə eynitipli məsələlərlə işləməsi təsəvvürünə əsaslanıb. Çağdaş kompüterlərdə isə bu belə deyil. Mürəkkəbliliyi müxtəlif olan komandaların yerinə yetirilmə sürəti bir-birindən onlarca dəfə fərqlənə bilər. Bununla belə, proqramların işləmə sürəti təkcə prosessora görə deyil, kompüter sisteminin başqa komponentlərinə (məsələn, videosistemin məhsuldarlığına) görə də müəyyən olunur.

Bundan başqa, müasir kompüterlər bəzi əməliyyatları (o cümlədən ayrı-ayrı komandaları) paralel (yəni eyni anda) yerinə yetirə bilir. 

Əgər kompüterin prosessoru indiki sürətlə deyil, insanınhesablama sürəti ilə işləsə idi:

  • siqnal klaviaturadan prosessora 10 ilə çatardı;
  • siçanın göstəricisinin ekranın bir küncündən o birinə yerini dəyişmək üçün 1000 il lazım gələrdi.

Prosessorun istənilən komandanı icra etməsini elementar əməliyyatlar ardıcıllığının yerinə yetirilməsi kimi təsəvvür etmək olar. Prosessorun durumunu dəyişən hər bir elementar əməliyyata müəyyən zaman – bir takt tələb olunur. Komandaların əksəriyyəti bir neçə takta yerinə yetirilir. Prosessorun taktlarının tezliyi (takt tezliyi) kənardan xüsusi generator tərəfindən təyin olunur.

Əgər iki prosessor bir-birindən yalnız takt tezliklərinə görə fərqlənirsə, onda verilənləri emaletmə sürətləri onların takt tezlikləri ilə düz mütənasibdir. Ona görə də prosessorun takt tezliyini onun məhsuldarlığının başlıca göstəricisi kimi istifadə etmək olar.

Tezliyi ölçmək üçün fiziki vahid 1 Hers qəbul olunub. Artıq ilk fərdi kompüterlərdə taktların sayı saniyədə bir neçə milyona bərabər olduğundan takt tezliyinin standart ölçü vahidi olaraq 1meqahers (saniyədə milyon takt) götürüldü. Bugünkü fərdi kompüterlərin takt tezliyi isə gigaherslә (saniyədə milyard takt) ölçülür.

Prosessorun takt tezliyi ümumilikdə kompüter sisteminin məhsuldarlığının yeganə göstəricisi deyil. Eyni takt tezliyinə malik prosessorların məhsuldarlığı müxtəlif ola bilər. Bundan başqa, kompüterin məhsuldarlığı yalnız prosessordan asılı deyil. Başqa komponentlər verilənləri prosessora onun emal etdiyi sürətlə çatdıra bilmirsə, prosessor "boş dayana" bilər. Nəticədə sistemin ümumi məhsuldarlığı aşağı düşər.

Mərkəzi prosessorun bilavasitə hesablama işlərini görən hissəsi onun nüvәsi adlanır. İlk prosessorlarda bir nüvə olurdu, ancaq müasir prosessorlarda onların sayı iki və ya daha çox olur. Bir neçə nüvənin olması bir neçə məsələni (proqramı) paralel yerinə yetirməyə imkan verir ki, bu da kompüterin sürətini önəmli dərəcədə artırır. Başqa sözlə, mərkəzi prosessorun nüvələrinin sayı nə qədər çox olarsa, onun məhsuldarlığı da yüksək olar.

Kompüter işləyərkən prosessor və operativ yaddaş arasında aramsız olaraq verilənlərin mübadiləsi gedir. Bu mübadilənin sürəti kompüter sisteminin məhsuldarlığının mühüm göstəricisidir. O, həm yaddaş mikrosxemlərinin parametrlərindən, həm də bütövlükdə kompüter sisteminin özəlliklərindən asılı olur. Adətən, prosessoru və yaddaşı birləşdirən şinin (verilənlərin ötürülməsi üçün nəzərdə tutulmuş elektrik keçiriciləri) tezliyi prosessorun işləmə tezliyindən bir neçə dəfə az olur ki, bu da prosessorun işində gecikmələrə səbəb ola bilir. Bu gecikmələrin təsirini azaltmaq üçün prosessor xüsusi yaddaşla – keş-yaddaşla təchiz olunur. Prosessorun mikrosxeminə yerləşdirilən və tutumu o qədər də böyük olmayan keş-yaddaş onun tezliyində işləyir. Operativ yaddaşdan oxuma-yazma zamanı verilənlərin kopiyası keş-yaddaşa yazılır. Prosessor həmin verilənlərə yenidən müraciət etdikdə onlar birbaşa keş-yaddaşdan götürülür. Bu da qeyd olunan gecikmələri aradan qaldırır.

Kompüterin prosessorunun və operativ yaddaşının sürət göstəriciləri hesablama məsələlərinin sürətlə aparılmasında mühüm rol oynayır. Ancaq, bildiyiniz kimi, bu gün fərdi kompüterlərin istifadə olunduğu sahələr təkcə hesablama məsələləri ilə məhdudlaşmır. Ona görə də kompüter sisteminin məhsuldarlığına başqa faktorlar da təsir göstərir:

- operativ yaddaşın həcmi

- xarici yaddaşın həcmi

- videosistemin məhsuldarlığı

Kompüterin sürətinə təsir edən amillərdən biri də onun operativ yaddaşının (RAM) hәcmidir. Müasir kompüterlər çoxtapşırıqlı rejimdә işləyir. Eyni anda çalışan hər bir məsələ (proqram) üçün əməliyyat sistemi operativ yaddaşda ayrıca sahə ayırır. Bütün məsələlərin tələb etdiyi yaddaşın ümumi həcmi mövcud operativ yaddaşın tutumundan çox olarsa, əməliyyat sistemi əlavə yaddaşı sərt diskdə formalaşdırır. Ancaq operativ yaddaşla müqayisədə sərt diskə müraciət sürəti yavaş olduğundan bu, bütün kompüter sisteminin sürətini aşağı salır. Kompüterə əlavə operativ yaddaş modullarının artırılması belə əməliyyatların zəruriliyini azaldır və bütövlükdə sistemin sürətini yüksəldir.

Kompüterin başlıca xarakteristikalarından biri də onun sәrt diskinin tutumudur. Proqramların və verilənlərin uzun müddətə saxlanması üçün nəzərdə tutulmuş bu disklərin tutumu yetərli olmadıqda daha böyük tutumu olan disklərə ehtiyac yaranır.

Kompüterdə iş zamanı daim monitorun ekranına baxmaq lazım gəldiyindən monitor – videoadapter birləşməsinin düzgün seçimi çox önəmlidir. Burada başlıca göstərici bir saniyәdәki kadrların sayıdır. Bu tezlik bir saniyədə 70 kadrdan az olduqda insanın gözü (və ya beyni) ekranda görüntünün titrəməsini hiss edir ki, bu da tez yorğunluğa səbəb olur.

Kompüterlərin yuxarıda göstərilən və digər parametrlərini təsvir etmək üçün xüsusi yazılışdan istifadə olunur. Latın hərfləri və rəqəmlərin "qarışığından" ibarət olan və parametrləri bir-birindən vergüllə və ya "\" simvolu ilə ayrılan belə yazılışlarla kompüter alan hər kəs rastlaşır. Məsələn, verilmiş noutbuk nümunəsində ilk olaraq prosessorun modeli (Intel Core i3-3217U) və onun takt tezliyi (1,7 GHz) göstərilib. Sonra operativ yaddaşın tutumu və modeli (4GB DDR3L), ardınca isə sərt diskin tutumu (500 GB HDD) verilib.

Kompüterlərin aparat təminatının inkişafı çox böyük sürətlə gedir. Onların orta xarakteristikaları ilbəil dəyişir. Ümumi təyinatlı kompüterlərin operativ yaddaşının həcmi artıq bir neçə giqabayt olur. Mürəkkəb məsələlərin həlli üçün nəzərdə tutulmuş xüsusi kompüterlərdə isə bu göstərici 16 giqabayta çatır. Sərt diskin tutumu isə 500 GB-dan başlayır.